Bakı Mühəndislik Universitetində (BMU) IELTS, SAT, TOEFL, PTE, Duolingo və s. beynəlxalq ingilis dili imtahanları, həmçinin xaricdə təhsil imkanları ilə bağlı maarifləndirici tədbir keçirilib.
Xarici dillər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “English Zone” klubunun birgə təşkil etdiyi tədbirdə kafedranın müdiri, dosent Nərminə Əliyeva beynəlxalq ingilis dili imtahanlarından əldə olunan sertifikatların tələbələr üçün yaratdığı fürsətlərdən danışıb.
Kafedranın baş müəllimi Sevda Hüseynova isə çıxışında IELTS imtahanına təşviqlə bağlı BMU, Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında imzalanmış üçtərəfli əməkdaşlıq müqaviləsindən bəhs edib, həmçinin IELTS imtahanında yüksək bal toplayan, uğurlu nəticə qazanan tələbələrin imtahan üzrə ödənişlərinin TİF tərəfindən qarşılanacağını tələbələr üçün əhəmiyyətli dəstək adlandırıb.
Sonra beynəlxalq imtahanlar üzrə təlimçi Sevda Rəhimova və xaricdə təhsil üzrə mütəxəssis Natavan Əmikişiyeva çıxış edərək IELTS, SAT, TOEFL, PTE, Duolingo beynəlxalq imtahanları, maksimal ballar, bu imtahanların üstünlükləri ilə bağlı zəruri məlumatları diqqətə çatdırıblar. Eyni zamanda ABŞ, Kanada, Avropa, Türkiyə və s. ölkələrdə təhsil imkanları, qəbul qaydaları, o cümlədən uğurlu təcrübələrdən bəhs edilib, tələbələrə praktiki məsləhətlər verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və tədbirdə fəal olan tələbələrə, həmçinin çıxış edənlərə THİK tərəfindən hədiyyələr təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi