Bakı Mühəndislik Universitetində Novruz şənliyi

18 Mart 2025
Bakı Mühəndislik Universitetində Novruz şənliyi

Bakı Mühəndislik Universitetində (BMU) Novruz bayramı ilə əlaqədər bədii-əyləncəli tədbir təşkil olunub.

Universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor Yaqub Piriyev Novruzun mənşəyinin çox qədimlərə dayanan, xalqımızın mənəvi dünyasını, adət-ənənələrini, folklorunu özündə yaşadan ən gözəl milli bayram olduğunu deyib və kollektivə səmimi təbriklərini çatdırıb.  

Novruz bayramının hər il ölkəmizdə geniş miqyasda, təntənəli şəkildə qeyd olunduğunu önə çəkən rektor Ümummilli Lider Heydər Əliyevin Novruz adətlərinin qorunub saxlanılmasına böyük önəm verdiyini, həmçinin bayram tonqallarının işğal altındakı torpaqlarımızda yandırılacağı günə həmişə inamla baxdığını vurğulayıb. Yaqub Piriyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında suverenliyimizin tam bərpası ilə  bayramın Qarabağda, Şərqi Zəngəzurda da qeyd olunmasının, 33 ildən sonra Xocalıda, Xankəndidə bayram tonqallarının yandırılmasının hər bir soydaşımızda böyük qürur, sonsuz sevinc hissi yaratdığını bildirib. Habelə ölkə rəhbərinin genişmiqyaslı fəaliyyəti ilə qlobal geosiyasi məkanda söz sahibinə çevrilən, yeni-yeni zirvələr fəth edən Azərbaycanın qarşıdakı  dövrdə daha da qüdrətlənəcəyinin heç kimdə şübhə doğurmadığını söyləyib.

Sonra rektor Novruzun rəmzi olan bayram tonqalını alovlandırıb.

Bayram şənliyi universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı konsert proqramı ilə davam edib. Novruza aid qədim adət-ənənələrimizin əks olunduğu səhnəciklər, tələbələrin iştirakı ilə nümayiş etdirilən qədim xalq-mərasim oyunları və müxtəlif rəqs nömrələri iştrakçılarda yüksək ovqat yaradıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər