Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Mübariz” filminin təqdimatı keçirilib.
BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra filmin istehsalında əməyi olan “Munis Production” şirkətinin nümayəndəsi Emin Yaqubzadə çıxış edib. Şəhidlik zirvəsinin müqəddəsliyi ilə bağlı tələbələrə fikirlərini çatdıran natiq filmdə yalnız Vətənə sədaqət və məhəbbətin tərənnümü deyil, ailə dəyərləri, elmə maraq kimi istiqamətlərin də əks olunduğunu bildirib.
Daha sonra film nümayiş etdirilib. Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda qeydə alınan filmin baş prodüseri və ssenari müəllifi Nicat Mənalıdır. Mübariz İbrahimovun həyatından və şücaətindən bəhs edən filmdə Milli Qəhrəmanı Hüseyn Əliyev, onun valideynlərini isə Flora Hüseynova və Şamil Süleymanov canlandırıb.
Dərin təəssürat yaradan film alqışlarla qarşılanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi