“Azərbaycan ASAN 500 Startap Proqramı” çərçivəsində vebinar keçirilib

11 Mart 2021
“Azərbaycan ASAN 500 Startap Proqramı” çərçivəsində vebinar keçirilib

“Azərbaycan ASAN 500 Startap Proqramı” çərçivəsində İnnovasiyalar Mərkəzi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə vebinar keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Ləman Səlimovanın moderatorluğu ilə baş tutub.

“Azərbaycan 500 ASAN Startap Proqramı”  üzrə  layihə koordinatoru Ağahüseyn Əhmədov proqram haqqında, həmçinin proqramın gənclərə yaratdığı imkanlardan danışıb. Bildirib ki, proqramın məqsədi ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa impuls yaratmaq və bu hərəkatı sürətləndirməkdir. A.Əhmədov BMU-da uzun müddətdir fəaliyyət göstərən Texnoparkın imkanlarından söz açıb, xeyli sayda startapların və təşəbbüsə meylli olan gənclərin olduğunu sözlərinə əlavə edib. O, vebinarın təşkil olunmasına görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib.  

BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov dünyada texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlı olaraq BMU-nun müasir tələblərə uyğun fəaliyyət və inkişaf istiqaməti seçdiyini qeyd edib. Bildirib ki, tələbələrdə mühəndislik biliklərinin formalaşdırılması, yeniliklərin tapılması və öz ideyalarını biznesə çevrilməsində startap layihələrinin böyük əhəmiyyəti vardır. Prorektor Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin Vətən müharibəsində qələbənin texniki cəhətdən hazırlıqlı gənclər və yüksək texnologiyalar sayəsində qazanıldığı fikrini xatırladıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov BMU-nun yeni texnologiyaların tətbiqi sahəsində, həmçinin dünyada gedən IV sənaye inqilabında ölkəmizi yüksək texnoloji biliklərə yiyələnmiş kadr potensialı ilə təmin edecək ən qabaqcıl təhsil ocaqlarından biri olduğunu söyləyib. BMU ilə hər zaman maraqlı startap layihələrində iştirak etməkdən məmnun olduğunu diqqətə çatdıran A.Bayramov əməkdaşlığın davamlı olacağına inamını ifadə edib. Qurum təmsilçisi proqramda artıq 400-ə yaxın iştirakçının qeydiyyatdan keçdiyini bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov ideya və innovasiyaların brendləşməsinə, eləcə də kommersiyalaşmasına dəstək olmağın vacib olduğunu bildirib. O, universitetdə fəaliyyət göstərən Elm və innovasiya şöbəsi haqqında məlumat verib. Bildirib ki, şöbənin məqsədi tədqiqatçıların, elm adamlarının tədqiqatı ilə gənclərin yeni ideyasını bir araya gətirmək və ortaya innovasiya çıxarmaqdır.

BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov informasiya texnologiyası və sosial sahibkarlıq ilə bağlı startapların olduğunu diqqətə çatdırıb, eyni zamanda Data science və süni intellekt ilə bağlı layihələrin həyata keçirildiyini söyləyib. O, tələbələrdə təşəbbüskarlıq hissini oyatmağın əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, proqram namizədlərin qeydiyyatı və ilkin təlimlər, startapların inkişafı, müştəri və bazarın təhlili, prototipin hazırlanması və təkmilləşdirilməsi mərhələlərindən ibarət olaraq 6 ay müddətində davam edəcək. Proqramı müvəffəqiyyətlə  başa  vuran startaplar investisiyaya cəlb ediləcək və xarici bazarda rəqabətliliyə dözüm göstərmə imkanları inkişaf etdiriləcək.

Proqram haqqında daha ətraflı məlumatı https://ecosystems.500.co/azerbaijan500asan linkinə daxil olaraq əldə etmək mümkündür. Qeydiyyat prosesi 19 mart 2021-ci ilə qədər davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər