Bakı Ali Neft Məktəbində (BANM) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ITACA Təlim və Tədqiqat Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə, Bakı Dövlət Universitetinin rektorunun müşaviri Əli Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev çıxış ediblər.
Tədbirə onlayn qoşulan layihə koordinatoru, professor Luca di Palma ITACA layihəsi barədə məlumat verərək bildirib ki, bu gün açılışı keçirilən Mərkəz ITACA layihəsinin ürəyi və əsas məqsədidir: “İlkin versiyasının hazırlanmasından indiyədək layihə Avropa İttifaqı və Azərbaycan ali təhsil müəssisələri arasında innovasiyalar və faydalı təcrübələrin mübadiləsi üzrə əməkdaşlıq, həmçinin Azərbaycanın bütün təhsil sistemi üçün vacib bir mərhələ kimi qiymətləndirilib”.
Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq qeyd edib ki, ITACA layihəsi Azərbaycanın Avropa İttifaqı ilə həyata keçirdiyi ən mühüm təhsil layihələrindən biridir. Rektor ən qabaqcıl texnologiyalar ilə təmin edilmiş bu Mərkəzin ITACA layihəsi çərçivəsində Azərbaycanda neft və qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması məqsədilə yaradıldığını bildirib. Mərkəzdə tərəfdaş universitetlərin gənc magistr və doktorantlarının tədqiqatlar aparacağı barədə məlumat verən rektor əlavə edib ki, Mərkəzin avadanlıqlarının maliyyə dəyəri 300 min avro məbləğindədir. Elmar Qasımov dünyadakı ekoloji problemlər fonunda bu cür laboratoriyaların yaradılmasının vacibliyini, onun ən mühüm tərəfinin tərəfdaşlarla birgə həyata keçirilməsi olduğunu vurğulayıb: “ITACA Təlim və Tədqiqat Mərkəzi ölkəmizin aktiv fəaliyyət göstərən laboratoriyalarından biri olacaq. Burada mühüm elmi məqalələrin hazırlanacağına əminəm. Mərkəzdə Avropa təhsil sisteminə əsaslanmış innovativ tədris metodologiyası və müasir tədris proqramı ilə bu istiqamətdə fəaliyyət göstərəcək gənc mütəxəsislərin hazırlanması da nəzərdə tutulub. Laboratoriya 4 istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət “Ətraf mühitin xarakterizə edilməsi və təhsil laboratoriyası” istiqamətidir ki, burada Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri tədqiqat aparacaqlar. “Karbohidrogenlər və ağır metallarla çirklənmiş torpağın təmizlənməsi” istiqamətində Bakı Mühəndislik Universitetinin mütəxəssisləri çalışacaqlar. “Neft və qaz hasilatı ilə çıxarılan suyun təmizlənməsi istiqaməti”ndə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin mütəxəssisləri fəaliyyət göstərəcək. Bakı Ali Neft Məktəbinin fəaliyyət istiqaməti “Dəniz suyu və torpaqda neftin deqradasiyası” üzrə nəzərdə tutulub”.
Təlim və Tədqiqat Mərkəzinin əhəmiyyətini vurğulayan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Mərkəzin Azərbaycanda ekoloji təmizlənmə prosesində iştirak edən şirkətlər üçün biznes layihəsi olaraq da xidmət göstərməsini təklif edib: “Laboratoriyada tədqiqatların aparılması çox vacibdir. İnanıram ki, laboratoriya dövlətə, xalqa böyük fayda gətirəcək, həm ali məktəblər, həm biznes qurumları üçün səmərəli olacaq. Nazirlik olaraq layihənin inkişafı üçün lazımi dəstək göstərməyə hazırıq”.
Çıxış edən tərəfdaşlar ITACA Təlim və Tədqiqat Mərkəzi layihəsinin ali məktəblər və sənaye üçün əhəmiyyətli olduğunu, elmi-tədqiqatlara böyük fayda gətirəcəyinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, ITACA (Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni təhsil səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi) Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA2 Ali Təhsildə Potensialın Qurulması proqramı çərçivəsində idarə olunan layihədir. BANM layihənin tərəfdaşlarından biri, həmçinin ITACA Təlim və Tədqiqat Mərkəzinin ev sahibidir.
ITACA layihəsi İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu və konsorsium üzvləri Danimarkanın Aalborg Universiteti, İspaniyanın Granada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH" şirkəti, Azərbaycandan Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, "Azecolab" və “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ilə birgə idarə olunacaq.