“Elektronika mühəndisliyi”nə dair canlı yayım təşkil olunacaq

29 İyun 2021
“Elektronika mühəndisliyi”nə dair canlı yayım təşkil olunacaq

Bakı Mühəndislik Universiteti (BMU) və “2019-2023 Dövlət Proqramı”nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği ilə bağlı “Elektronika mühəndisliyində yeni trendlər: Bioelektronika və Kobotlar” mövzusunda canlı yayım keçiriləcək.

Canlı yayımın keçirilməsində əsas məqsəd elektronika mühəndisliyi ixtisasının gələcək perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə “2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində “Elektronika mühəndisliyi” ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir.

Canlı yayım 30 iyun 2021-ci il tarixində saat 16:00-da BMU-nun rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilində keçiriləcəkdir.

Canlı yayımda spiker qismində Bahadur İbrahimov və Abbas Əlili çıxış edəcək.

Bahadur İbrahimov bakalavr təhsilini Türkiyənin Yıldız Texniki Universitetində “Elektronika və telekommunikasiya mühəndisliyi” ixtisası, magistr dərəcəsini Avstriyanın Vyana Texniki Universitetində “Mühəndislik idarəetməsi” ixtisası, doktorantura dərəcəsini isə Avstriyanın Vyana Texniki Universitetində “Robotika & Açıq İnnovasiya” ixtisası üzrə alıb. Start-up, innovasiya, rəqəmsallaşdırma üzrə layihə rəhbəri kimi çalışıb, robotika üzrə proqram rəhbəri vəzifəsində isə 3 ilik təcrübəsi var və hazırda Azərbaycanda Robotlar və Avtomatlaşdırma Cəmiyyətinin təsisçisi və direktorudur.

Abbas Əlili bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Avtomatlaşdırma və İT” ixtisası, magistr dərəcəsini Almaniyanın Ştutqart Universitetində “İnformasiya texnologiyaları” ixtisası üzrə alıb, hazırda doktorantura dərəcəsini isə ABŞ-ın Şimali Karolina Dövlət Universitetində “Elektrik və kompüter mühəndisliyi” ixtisası üzrə davam etdirməkdədir. Rəqəmsal elektronika, Mühəndislər üçün proses nəzarəti, mikrokontroller, mekatronik sistemlərinə nəzarət kimi fənnlər üzrə baş müəllim vəzifəsində 4 illik, “Internet of Things” laboratoriyasının rəhbəri vəzifəsində 2 illik təcrübəsi var.

Digər elanlar