İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “4Sİ Akadeniyası-Milli Proqram”a qeydiyyat davam edir. Proqram 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanmaq üçün əvəzolunmaz fürsətdir.
Tələbələr, məzunlar, o cümlədən müəllimlər yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az/ linkinə daxil olub qeydiyyatdan keçərək bu imkandan yararlana bilərlər.
Qeydiyyatdan keçənlər “Coursera” onlayn platformasından istifadə üçün 6 həftəlik lisenziya əldə edəcəklər. İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, Oracle, Gitlab, Intel, SAP, Salesforce kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet, aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanacaqlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla, ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatan olacaq. Kursları uğurla bitirənlər “Coursera” platforması tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikatlarla təltif edilirlər.
“Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət edilən 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Bundan əlavə, daha çox tələbatın olduğu 10 kurs isə süni intellektin “deep-fake” texnologiyası ilə Azərbaycan dilində səsləndiriləcək.
Qeyd edək ki, proqram ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək məqsədi daşıyır.
Bu fürsəti qaçırmayın və sadəcə qeydiyyatdan keçməklə sizə əlçatan olacaq ən nüfuzlu platformanın imkanlarından yararlanmağa tələsin!