Vebster Universitetinin nümayəndəsi Madina Sultanova Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə görüşüb.
BMU-nun Xarici əlaqələr üzrə prorektorluğu və Multikulturalizm Klubunun təşkilatçılığı, həmçinin Edu Support şirkətinin dəstəyi ilə təşkil olunan görüşdə M.Sultanova xaricdə təhsil imkanları barədə təqdimatla çıxış edib. O, Vebster Universitetinin 1915-ci ildə Amerikanın Missuri ştatında təsis olunduğunu və indiyə kimi 190.000-dən çox məzununun olduğunu diqqətə çatdırıb. M.Sultanova universitetin ABŞ-la bərabər, dünyanın müxtəlif ölkələrində, o cümlədən Niderland, Yunanıstan, Asiya ölkələrində də beynəlxalq kampuslarının fəaliyyət göstərdiyini bildirib.
Universitet təmsilçisi 1983-cü ildə Niderlandda yaradılan Webster Leiden Kampusu haqqında da danışıb. Webster Leiden Kampusunda bakalavr, magistr, MBA dərəcələri üzrə mütəxəssis hazırlığının həyata keçirildiyini söyləyən M.Sultanova burada tədris olunan proqramları nəzərə çatdırıb. O, universitetin təklif etdiyi təqaüd proqramları, universitetə müraciət qaydaları, viza prosesi barədə də tələbələrə ətraflı məlumat verib.
Görüşün sonunda tələbələrə suallar verilib və sualları düzgün cavablandıran şəxslərə hədiyyələr təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi