Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının müdiri, dosent Razim Bayramlının həmmüəllifliyi ilə “Ümumi fizika kursu” adlı dərs vəsaiti çapdan çıxıb.
Kitab mühəndislik ixtisasları üzrə təhsil proqramı, eyni zamanda Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş bakalavr hazırlığı üçün “Fizika”, Fizikanın əsasları” adlı fənn proqramları əsasında tərtib edilib.
BMU-nun Tədris-Metodiki Şurasının müvafiq qərarı ilə nəşr olunan dərslikdə (ali məktəblərdə tədris edilən fizika fənninin saatlarındakı dəyişikliklər əsas götürülməklə) mühazirə mətnlərində mahiyyət saxlanılmaqla tədris materialı daha yığcam şəkildə yer alıb. Bu da tələbələri müxtəlif mövzuları konspektləşdirmək məcburiyyətindən azad etmək, çox da çətin olmayan materialın müstəqil sürətdə mənimsənilməsinə nail olmaq məqsədi daşıyır.
Vəsait ali riyaziyyat aparatından minimum istifadə etməklə, cədvəl düsturlarından, sadə törəmə və inteqrallardan yararlanmaqla yazılıb. Əsas diqqətin öyrənilən hadisələrin fiziki mahiyyətinə verilən kitabda, həmçinin tarixi xülasələrdən, fiziki ölçmə üsullarının geniş şərhindən imtina olunub. Bundan başqa, dərs vəsaitində ümumi fizika kursunun mexanika, molekulyar fizika, elektrik və maqnetizm, optika, habelə atom və atom nüvəsi bölmələrinin əsasları yer alıb.
Vəsait fizika fənni tədris olunan digər universitetlərin tələbələri, habelə hazırlıq kurslarının müəllimləri, bu sahədə çalışan magistrlər və gənc tədqiqatçılar üçün də faydalı ola bilər.
İctimaiyyətlə əlaqələr şöbəsi