Bakı Mühəndislik Universitetinin (BMU) İdman klubunun təşkilatçılığı ilə ali təhsil ocağının tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş mini futbol turniri başa çatıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra idman sahəsinə də xüsusi diqqət göstərildiyini, ölkəmizdə idmanın kütləviləşməsi və inkişafı üçün mükəmməl bazanın formalaşdığını bildirib. Bu istiqamətdə görülən işlərin yüksək nailiyyətlərə imza atmağa imkan yaratdığını önə çəkən prorektor Prezident cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə əldə olunan tarixi uğurları, son dövrlər ölkəmizdə baş tutan beynəlxalq səviyyəli idman yarışlarını vurğulayıb.
Bayram Hüseynzadə çıxışında gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm roluna toxunaraq BMU-da bu yöndə gerçəkləşdirilən tədbirləri, universitet tələbələrinin müxtəlif yarışlarda qazandığı qələbələri nəzərə çatdırıb.
Sonra İdman klubunun rəhbəri Elşən Həsənalıyev turnirin təşkili barədə məlumat verib. Bildirib ki, aprel ayından start götürən yarışda ümumilikdə 42 komanda mübarizə aparıb.
Yarışmada ilk 3 yer uğrunda “Finance M” (Maliyyə ixtisası), “All Star” (Dövlət və bələdiyyə idarəetməsi ixtisası) və “Economy” (Dünya iqtisadiyyatı ixtisası) komandaları mübarizə aparıb. Birinci yerə 6:3 hesabı ilə qalib gələn “Finance M”, ikinci yerə “All Star”, üçüncü yeri isə “Economy” komandası layiq görülüb. Turnirin “Ən yaxşı oyunçusu” adını isə Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbəsi Maksud Salahlı qazanıb.
Sonda qalib komandalara medallar və kubok təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi