Bakı Mühəndislik Universitetində (BMU) Kimya Mühəndisləri Cəmiyyətinin (Society of Chemical Engineers-SChE) tanıtımına dair tələbələr üçün infosessiya keçirilib.
İnfosessiyada çıxış edən BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayiz Əzizov bildirib ki, universitetdə tələbələrin elmi fəaliyyətə cəlb olunması onların bilik və bacarıqlarının inkişafı baxımından xüsusi önəm daşıyır. Qeyd edilib ki, Kimya Mühəndisləri Cəmiyyəti tələbələrin tədqiqat maraqlarını stimullaşdırmaq, innovativ düşüncə tərzini formalaşdırmaq və akademik mühitdə daha fəal iştirakını təmin etmək baxımından mühüm rola malikdir. Bundan başqa, cəmiyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 9-cu (Sənaye, İnnovasiya və İnfrastruktur) istiqamətə əsasən, universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə, startaplar və tədqiqat layihələri vasitəsilə innovasiyaya dəstək olur.
BMU-nun Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimov kimya mühəndisliyi sahəsində tədqiqat və innovasiyaların önəmini qeyd edib, tələbələri elmi təşəbbüslərdə daha fəal olmağa çağırıb.
Sonra cəmiyyətin sədri Əlövsət Abasov və müavini Arzu Şəfiyeva SChE-nin fəaliyyəti, məqsədləri, həmçinin gələcək planları haqqında təqdimatla çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, SChE tələbələr üçün elmi seminarlar, laboratoriya təlimləri və sənaye ziyarətləri kimi müxtəlif tədbirlər təşkil edir. Bu fəaliyyətlər tələbələrin praktiki biliklərini artırmaqla yanaşı, onların peşəkar inkişafına və komandada işləmə bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
İnfosessiya zamanı qeyd olunub ki, cəmiyyət kimya mühəndisliyi sahəsi üzrə təhsil alan tələbələr üçün həm fənn biliklərinin birgə müzakirəsi, həm də tədqiqat ideyalarının paylaşılması baxımından açıq və yaradıcılığı təşviq edən bir platforma rolunu oynayır.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi