Tvinninq layihəsi üzrə xarici və yerli ekspertlərdən ibarət komissiya Bakı Mühəndislik Universitetində (BMU) olub. Komissiya BMU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasının akkreditasiyasını keçirmək məqsədilə görüş və müsahibələr təşkil edib.
Xatırladaq ki, BMU-nun Riyaziyyat və informatika kafedrası 2019-cu ilin fevral ayında “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” Tvinninq layihəsinə qoşulub. Məqsəd Riyaziyyat və informatika müəllimliyi ixtisasını Avropa Ali Təhsil Məkanının standartlarına uyğunlaşdırmaqdır.
Riyaziyyat və informatika kafedrasının əməkdaşları standarta uyğun olaraq həm Azərbaycan, həm də ingilis dillərində özünü təhlil hesabatı hazırlayıb və ekspertlərə təqdim ediblər. Müsahibə zamanı ekspertlər özünü təhlil qrupunun üzvləri ilə yanaşı, kafedra əməkdaşları, tələbələr, məzunlar və məzunların çalışdıqları müəssisə rəhbərləri ilə görüşüb, onları maraqlandıran sualları cavablandırıblar. Keçirilən görüş və müsahibənin nəticələrinə əsasən ixtisasın tədrisi, eyni zamanda kafedranın işləri qənaətbəxş hesab olunub.
Ekspertlər tələbələrin rüblük və yekun işlərini (tezislərini), həmçinin imtahan materiallarını da nəzərdən keçiriblər.
Sonda komissiya üzvləri auditoriyalar, mühazirə otaqları, kitabxana, kompüter otaqları ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi