Türkiyəli mütəxəssis BMU-da tələbələrə seminar keçib

29 Oktyabr 2024
Türkiyəli mütəxəssis BMU-da tələbələrə seminar keçib

Bakı Mühəndislik Universitetində (BMU) Türkiyənin Fateh Sultan Mehmet Vəqf Universitetinin kafedra müdiri, dizayner Salih Salbacakın “Anadoluda daxili dizayn mədəniyyətinin inkişafı (yaşayış və məskunlaşma)” mövzusunda seminarı keçirilib.

BMU-nun Dizayn kafedrasının baş müəllimi, adıçəkilən vəqf universitetinin doktorantı Rasim Qurbanovun təşkilatçılığı ilə baş tutan seminarda Memarlıq və inşaat fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Türkiyəli dizayner, memarlıq sahəsində tanınmış mütəxəssis Salih Salbacak məruzəsində Osmanlı imperiyası dövründən müasir çağlara qədər tikilən tarixi binaların, abidələrin klassik üslubu, həmçinin modern tikililərin dizaynı haqqında ətraflı məlumat verib. Anadoluda daxili dizayn mədəniyyətinin inkişaf mərhələlərindən bəhs edən qonaq əski dövrlərin dizayn xüsusiyyətlərini, memarlıq vasitəsilə çatdırılan mesajları, dizayn ənənəsinin qorunub saxlanmasına dair mühüm məqamları seminar iştirakçılarının diqqətinə çatdırıb.

Məruzədən sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər