Bakı Mühəndislik Universitetində (BMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlıq çərçivəsində sonuncu təlim keçirilib.
“Ali təhsil müəssisəsinin strateji planlanması və idarəedilməsi” mövzusunda gerçəkləşdirilən təlimdə BMU-nun struktur rəhbərləri iştirak ediblər.
Tədbirdə universitetin Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova TKTA ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin artıq yekunlaşdığını önə çəkib və əldə edilən müsbət nəticələrə toxunub.
TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov təqdimatında akkreditasiya qiymətləndirilməsi ilə bağlı ali təhsil müəssisələrinə verilmiş tövsiyələrin icra vəziyyətinə dair hesabatın nəticələrini açıqlayıb. Ali təhsil ocaqları üzrə mövcud vəziyyətin analizindən danışan şöbə müdiri akkreditasiya istiqamətləri üzrə rast gəlinən ümumi problemləri diqqətə çatdırıb. Çatışmazlıqların aradan qaldırılması ilə bağlı fikirlərini bölüşən A.İlyasov strateji planlama və idarəetmə mərhələlərinin hər birini ətraflı izah edib.
Auditoriya ilə interaktiv formada keçirlən təlimdə TKTA rəsmisi iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, BMU ilə TKTA arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, Agentlik tərəfindən indiyə qədər “Təhsil müəssisələrinin akkreditasiya qaydaları”, “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları”, “İnstitusional akkreditasiya zamanı özünü təhlilin aparılması və hesabatın tərtibi qaydaları”, “Ali təhsil müəssisəsində daxili keyfiyyət təminatı mexanizmləri” mövzularında təlimlər təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi