2019/2020-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün istehsalat təcrübələrinin təşkilinə başlanılıb. Bununla bağlı universitetdə təhsil alan tələbələrlə müvafiq görüşlər keçirilib və onlara təcrübə haqqında ətraflı məlumatlar verilib.
Cari tədris ilinin yaz semestrində Mühəndislik, İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültədən 824 tələbənin təcrübəyə göndərilməsi nəzərdə tutulub. Pedaqoji təcrübə ilə əlaqədar Azərbaycan Britaniya Kolleci, Azərbaycan Finlandiya məktəbi, Avropa Azərbaycan məktəbi, Landau məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi, Zirvə liseyi, İdrak liseyi, Ak. Zərifə Əliyeva adına liseyi, Bakı Beynəlxalq Təhsil Kompleksi və Xırdalan 10 saylı məktəblə görüşlər təşkil olunub. Artıq bəzi məktəblər artıq müəyyən sayda yerlər təqdim ediblər.
Bununla yanaşı, BMU-nun magistr pilləsi üzrə də elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr təşkil olunur. Maliyyə menecmenti, Beynəlxalq iqtisadi münasibətlər, Biznesin təşkili və idarəedilməsi, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sənaye üzrə), Dövlət strukturlarında menecment, İstehsal sferasında mühasibat uçotu və audit ixtisasları üzrə 61 nəfər magistr tələbəsi hazırda təcrübədədir.
Təcrübə yerləri universitetin Müəssisələrlə əlaqələr və karyera Departamenti tərəfindən müəyyənləşdirilir. Tələbələr müəssisələrə qrup şəklində göndərilir və onlara təcrübəli müəllimlərdən rəhbərlər təyin olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi