Tələbələr üçün əmək bazarına dair ekspert mühazirəsi təşkil olunub

15 Oktyabr 2025
Tələbələr üçün əmək bazarına dair ekspert mühazirəsi təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) “Maliyyə” ixtisasının birinci kurs tələbələri üçün “Azərbaycan əmək bazarında gənclər” mövzusunda mühazirə keçirilib.  

“Karyera planlaması” fənni çərçivəsində təşkil olunan mühazirədə qonaq məruzəçi qismində iqtisadçı ekspert Rövşən Camalov iştirak edib.  BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 4-cü- “Keyfiyyətli təhsil” istiqamətinə uyğun olaraq keçirilən görüş gənclərin bilik və bacarıqlarının artırılmasına, onların əmək bazarına daha səmərəli inteqrasiyasına töhfə vermək məqsədi daşıyıb.

Əvvəlcə çıxış edən BMU-nun Maliyyə və mühasibat kafedrasının baş müəllimi Əddin Muştaqov peşə seçimi və karyera planlamasının əhəmiyyətini vurğulayıb. O, tələbələrin gələcəkdə əmək bazarına rəqabətqabiliyyətli mütəxəssislər kimi daxil olmaları üçün nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarını da inkişaf etdirmələrinin vacibliyini bildirib.  

Sonra iqtisadçı ekspert Rövşən Camalov əmək bazarının hazırkı vəziyyəti, gənclərin məşğulluq səviyyəsi, yeni tendensiyalar, iş  dünyasının tələbləri barədə məlumat verib. Mühazirədə bu istiqamətdə statistik təhlillər diqqətə çatdırılıb, həmçinin əmək bazarında bacarıqların inkişafına mane olan amillər, gənclərin işə qəbul prosesində üzləşdikləri çətinliklər və bu problemlərin həllində təhsil sisteminin rolu önə çəkilib.  Bildirilib ki, gənclərin əmək bazarına daha hazırlıqlı daxil olması üçün universitetlərdə praktik yönümlü bacarıqların inkişafı xüsusi əhəmiyyət daşıyır. Karyerada uğur qazanmaq üçün gənclər dəyişən trendlərə çevik uyğunlaşmalı, müasir texnologiyalardan istifadə bacarıqlarını artırmalı və özlərini davamlı inkişafda saxlamalıdırlar. Məruzəçi, eyni zamanda tələbələrə peşəkar inkişafla bağlı praktik məsləhətlər də təqdim edib.

Sonda interaktiv müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər