Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “BIM (Building Information Modeling) texnologiyası, onun memarlıq və inşaat sahəsində tətbiqləri” mövzusunda tələbələr üçün seminar keçirilib.
Seminarda “Qırmızı Art Dizayn Studiyası”nın təsisçisi, memarlıq üzrə mütəxəssis Ayşən Həsənova məruzə ilə çıxış edib. Çıxışda müasir tikinti, dizayn, yenidənqurma və idarəetmə proseslərində inqilabi dəyişiklik yaradan BIM texnologiyasının mahiyyəti, üstünlükləri, layihə idarəetməsində faydaları, praktik tətbiqləri və s. haqqında ətraflı məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda tələbələrə həm nəzəri biliklər, həm də real layihələr əsasında konkret nümunələr təqdim olunub.
Mövzu ətrafında interaktiv müzakirələrlə davam edən seminarda iştirakçıların sualları da cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi