Bakı Mühəndislik Universiteti (BMU) ilə AzSmart MMC arasında imzalanmış “Əməkdaşlıq haqqında razılaşma”nın şərtləri daxilində tələbələr qurumun yaratdığı iş yerlərində elektron blokların təmiri işlərinə cəlb olunublar.
Universitetdə təşkil olunmuş ilkin təlimlər zamanı onlara cəmiyyətin fəaliyyəti, onun gördüyü işlər və qüvvədə olan korporativ qaydalar haqqında ətraflı məlumatlar verilib.
May ayının 12-dən isə avtomatika və elektronika yönümlü ixtisaslar üzrə təhsil alan seçilmiş tələbələr üçün “AzSmart” MMC-nin ofisində təlimlərin növbəti mərhələsi start götürüb.
Cəmiyyətin Texniki dəstək şöbəsində təşkil edilən növbəti təlimlərdə tələbələrə əvvəlcə əməyin təşkili və avadanlıq, həmçinin cihazlarla iş zamanı təhlükəsizlik texnikası qaydaları izah olunub. Sonra qarşıda duran problemlərin həll olunması yolları və bu zaman hansı biliklərin nümayiş etdirilməsinin zəruriliyi haqqında nümunələr göstərilib.
Tələbələr hər birində 3 nəfər olmaqla 4 qrupa bölünərək praktiki işlərdə iştirak etmək üçün tərtib olunmuş iş cədvəli üzrə dərsdənkənar vaxtlarda əsasən Texniki dəstək şöbəsinin strukturuna daxil olan çağrı mərkəzi, texniki dəstək və təmir bölmələrində təcrübə keçirlər.
Təcrübə müddətində BMU tələbələri cəmiyyətin avadanlıqları ilə tanış olacaq, yeni avadanlıqların istismara ilkin hazırlığı proseslərində iştirak edəcəklər. Eyni zamanda, avadanlıqların iş prinsiplərini, istifadə olunan əməliyyat sistemini, proqram təminatı və onun aşkar etdiyi xəta kodlarını, meydana çıxan digər texniki xətaları və onların həlli yollarını öyrənəcək, ilkin texniki dəstək və texniki təmir işlərinə cəlb olunacaqlar.
İctimaiyyətlə əlaqələr şöbəsi