Tanınmış memar BMU tələbələri ilə təcrübəsini bölüşüb

27 Oktyabr 2025
Tanınmış memar BMU tələbələri ilə təcrübəsini bölüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və şəhərsalma kafedrasının təşkil etdiyi görüşdə tanınmış memar Musa Yaqubov gənc memarlarla bir araya gəlib. Tədbir zamanı Memarlıq və inşaat fakültəsinin birinci kurs tələbələrinin ilk yaradıcılıq işləri nümayiş etdirilib, onların ideya yanaşmaları və memarlığa baxış tərzləri üzərində fikir mübadiləsi aparılıb. 

Musa Yaqubov tələbələrin işlərindəki fərdi yaradıcılıq üslubunu və orijinal baxışlarını yüksək qiymətləndirib. O, tələbələrin cəmi bir aylıq tədris müddətində bu səviyyədə yaradıcılıq potensialı ortaya qoymalarını mühüm göstərici kimi dəyərləndirib.

Görüşdə, həmçinin BMU-nun professoru, Əməkdar memar Sabir Orucovun rəhbərliyi altında formalaşan memarlıq məktəbinin innovativ tədris prinsipləri və bu sahədə universitetin gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Musa Yaqubov gənclərlə öz peşə təcrübəsini bölüşüb, memarlıqda peşəkar inkişaf, estetik yanaşma və praktik bacarıqların əhəmiyyəti barədə danışıb. Eyni zamanda tələbələri maraqlandıran sualları cavablandırıb və onlara fərdi tövsiyələr verib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər