Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Tsinghua Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində növbəti müzakirələr aparılıb.
Müzakirələr BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gülün Çində keçirilən “Universitet Tərəfdaşları Sammiti Hangzhou 2025”-də iştirakı çərçivəsində baş tutub.
Görüşdə iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat, akademik mübadilə və birgə təhsil proqramları sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda bu ilin iyul ayında universitetlərin əməkdaşlığa dair ilkin müzakirələrindən sonra görülən işlər nəzərdən keçirilib.
Tərəflər qarşılıqlı əməkdaşlığın inkişafına yönəlmiş niyyətlərini bir daha ifadə edərək gələcək addımların planlaşdırılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Tsinghua Universiteti “QS World University Rankings” və “Times Higher Education” reytinqlərində ilk 20-likdə qərarlaşır. Universitetin dünya üzrə bir çox nüfuzlu ali məktəblərlə akademik və tədqiqat əməkdaşlıqları mövcuddur.
İctimaiyyətlə əlaqələr şöbəsi