Dekabrın 20-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Bakı Mühəndislik Universitetində (BMU) dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçiriləcək.
Maarifləndirmə məqsədi daşıyan seminarın təşkil olunmasında əsas məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir. Seminar zamanı müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericilik haqqında ətraflı məlumat veriləcək və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulanacaq, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılacaq.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti ilə birgə təşkil olunan tədbirdə, Nazirliyin İnsan Resursları Mərkəzi tərəfindən hazırlanmış “Sən də onlardan biri ol!” videoçarxının ilk dəfə təqdimatı keçiriləcək. Eyni zamanda, tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyət dövrünü əks etdirən bukletlər paylanılacaq.
Qeyd edək ki, İnsan Resursları Mərkəzi Təhsil nazirinin 23 noyabr 2017-ci il tarixli, 441 nömrəli əmrinə əsasən yaradılıb. Mərkəz dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu, yerdəyişməsi, daimiləşməsi müsabiqələrini, direktorların işə qəbulu prosesinin imtahan mərhələsini və həmin müəssisələrdə çalışan pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirir. Fəaliyyət göstərdiyi iki il ərzində İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqələrdə 18 minə yaxın namizəd uğur qazanıb. Mərkəzin rəsmi facebook səhifəsi ilə https://www.facebook.com/EduAzIRM/ linki vasitəsilə tanış olmaq mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi