Bakı Mühəndislik Univeristeti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) builki məzunlarından daha 3 nəfəri dünyanın nüfuzlu ali məktəblərinin magistratura səviyyəsinə qəbul olub.
İDP-nin “Elektronika mühəndisliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirən, həmçinin İNHA Universiteti tərəfindən “Akademik mükəmməllik mükafatı” sertifikatına layiq görülən Mədinə Nurizadəyə dünyanın 7 qabaqcıl universitetindən qəbul gəlib. Onun seçimi Böyük Britaniyanın Şeffild Universiteti olub. M.Nurizadə bu ali təhsil ocağında “Simsiz rabitə sistemləri” ixtisası üzrə təhsilini davam etdirəcək.
Adıçəkilən ixtisasın digər məzunu və İNHA Universiteti tərəfindən “Akademik mükəmməllik mükafatı” sertifikatına layiq görülən Şahanə Mirəliyeva dünyanın 6 qabaqcıl universitetində oxumaq hüququ qazanıb. O, Böyük Britaniyanın Mançestr Universitetinin “Elektrik enerji sistemləri mühəndisliyi” ixtisasını seçib.
İDP-nin “İnformasiya texnologiyaları” ixtisasını müvəffəqiyyətlə bitirən Aslan Məmmədov isə Böyük Britaniyanın Edinburq Universitetinin “Süni intellekt” ixtisasına qəbul olub.
Hər üç məzun magistratura təhsilini “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət proqramı” çərçivəsində davam etdirəcək.
2020-ci ildən icra olunan proqram Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. BMU-İNHA İDP-dən indiyədək 143 nəfər məzun olub.
İctimaiyyətlə əlaqələr şöbəsi