“Sara Logistika” şirkətinin direktoru BMU tələbələri ilə görüşüb

16 May 2025
“Sara Logistika” şirkətinin direktoru BMU tələbələri ilə görüşüb

Bakı Mühəndislik Universitetində (BMU) Mühəndislik fakültəsinin nəqliyyat ixtisasları üzrə təhsil alan tələbələrinin  “Azera Holding” şirkətlər qrupuna daxil olan “Sara Logistika”nın direktoru Ülvi Ocaqlı ilə görüşü təşkil edilib.  

Logistika və nəqliyyat kafedrası əməkdaşlarının da iştirak etdiyi tədbirdə    Mühəndislik fakültəsinin dekanı Asif Quliyev universitetin məzunu olan şirkət rəhbərinin tələbələrlə görüşünün ölkəmizdə logistika sahəsində görülən işlər, qazanılan uğurlarla tanışlıq baxımından əhəmiyyətli olduğunu bildirib.

Sonra çıxış edən şirkətin direktoru Ülvi Ocaqlı “Azera Holding” haqqında geniş məlumat verib. Bildirilib ki, holdinq ölkənin özəl sektorunda 20 ilə yaxındır fəaliyyət göstərir və kənd təsərrüfatı, səhiyyə, xidmət sahəsi, yük daşımaları, qida, səyahət, turizm, o cümlədən digər sahələr üzrə qurulan 36 şirkəti birləşdirir. Çıxışda, habelə “Sara Logistika” şirkətinin holdindin tərkibində yük daşımaları, həmçinin saxlama xidmətləri həyata keçirdiyi, Azərbaycanda dəmiryolları üzrə 5 əsas yükdaşıma operatorlarından biri olduğu və son illərdə dəmir yolları üzrə yük daşımaları sahəsində aparıcı mövqe tutduğu diqqətə çatdırılıb. O,  eyni zamanda “Sara Logistika” nın dəmiryol daşımalarında fəaliyyət perspektivləri, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri, bu dəhlizlərin region ölkələri, xüsusən Azərbaycan üçün əhəmiyyəti, eləcə də bu sahədə görülən işlər barədə zəruri informasiyaları təqdim edib.

Görüş zamanı logistika və nəqliyyat texnologiyaları üzrə təhsil alan 9 tələbənin hazırda “Sara Logistika” şirkətində təcrübə keçdiyi, 3 nəfərin işə dəvət olunduğu vurğulanıb və bunun üçün şirkət rəhbərliyinə minnətdarlıq ifadə edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər