BMU-da Azərbaycan dilinin qorunması və tədrisinin təkmilləşdirilməsi müzakirə edilib

06 Noyabr 2025
BMU-da Azərbaycan dilinin qorunması və tədrisinin təkmilləşdirilməsi müzakirə edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasında Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan dilinin tətbiqi vəziyyəti ilə bağlı qarşıya qoyduğu tələblərdən irəli gələn vəzifələrlə bağlı elmi seminar keçirilib.  

Seminarda çıxış edən kafedranın müdiri Təranə Hacıyeva AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışında Azərbaycan dilinin ölkədə və bölgələrdə tətbiqi vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərin ölkə dilçilərinin, pedaqoji işçilərin,  o cümlədən “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnini tədris edən ali məktəb müəllimlərinin qarşısında ciddi vəzifələr qoyduğunu bildirib. O, dilimizin zəngin ifadə imkanları, xüsusilə dilin milli terminlər sisteminin mükəmməlliyi barədə gənclərin, tələbələrin maarifləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda ana dilimizin dil daşıyıcılarımız tərəfindən digər ölkələrdə düzgün və funksional istifadə imkanlarının artırılması üçün hər bir Azərbaycan dili müəlliminin üzərinə məsuliyyətli vəzifə düşdüyünü qeyd edib.

Seminarda Azərbaycan ədəbi dilinin tədrisini optimallaşdıran vəsaitlərin tərtibi prosesində müvafiq qurumlarla əməkdaşlığın zəruri olduğu bildirilib. Eyni zamanda gənclərin termin və söz ehtiyatının artırılması məqsədilə ali məktəbdə tədris edilən  “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin sillabusunda Azərbaycan dilinin izahlı lüğəti, orfoqrafiya və orfoepiya lüğətləri üzərində işə ayrılan saatların daha da artırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb. 

Sonda seminar iştirakçıları tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilə biləcək tədris və maarifləndirmə təşəbbüsləri müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər