Evrika liseyinin ingilis bölməsinin VI və X sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.
Məktəblilərə universitetdə tədrisin təşkili, ingilis dilinə üstünlük verən tədris sistemi, BMU məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi, eyni zamanda məzunların işlə təminatı sahəsində özəl və dövlət qurumları ilə qurulan əməkdaşlıq, tələbələrin ictimai və sosial layihələrdə fəal iştirakı və s. haqda ətraflı məlumat verilib.
Ali təhsil müəssisəsində ən son avadanlıqlarla təchiz olunmuş ixtisas laboratoriyalarının mövcudluğu haqda da məlumatlandırılan şagirdlər BMU-nun biologiya, fizika, kimya, kompüter laboratoriyaları, İKT mərkəzini ziyarət edib, maraqlı təcrübələri izləyiblər.
Biologiya laboratoriyasındakı mikroskoplarda şagirdlərə kök üsküyü hüceyrələri, mədəaltı vəzi hüceyrələri, en kəsiyini nümayiş etdirilib. Şagirdlər anatomik model üzərində insanın daxili orqanları, eyni zamanda müxtəlif növ həşaratlardan ibarət setlə tanış olublar.
Kimya laboratoriyasında aparılan "Duzların təyini", "Fil dişi", “Oksigenin alınması" reaksiyaları məktəblilərin marağına səbəb olub.
Fizika labarotaroriyasında isə məktəblilərə şarın izoproseslərə tədbiqi, istilik enerjisinin mexaniki enerjiyə çevrilməsi, güzgüdə işığın düşməsi və qayıtması, işığın sınması, səpici və toplayıcı linzaların tətbiqi kimi təcrübələri nümayiş etdirilib, müvafiq izah və şərhlər verilib.
Ekskursiya çərçivəsində Evrika liseyinin şagirdləri ilə BMU-da təhsil alan xarici tələbələr arasında dialoq qurulub.
İctimaiyyətlə əlaqələr şöbəsi