Bakı Mühəndislik Universitetində (BMU) Dizayn kafedrasının təşkilatçılığı ilə memarlıq və dizayn ixtisaslarında təhsil alan tələbələr üçün mühəndis-akkustik Aleksandr Fadeyevin “Tikinti-arxitektura akkustikası” mövzusunda mühazirəsi təşkil olunub.
Azərbaycandakı tərəfdaş şirkətin-“Cinecon”un dəvəti ilə ölkəmizdə səfərdə olan, akkustika sahəsində şəxsi emalatxanasını yaratmış rusiyalı mütəxəssis tələbələr qarşısında mühazirə söyləməkdən məmnunluğunu ifadə edib və müasir memarlıq anlayışı, arxitekturaya dair ümumi biliklər, memarlıq akkustikası, onun yeni həlləri haqqında ətraflı məlumat verib.
A.Fadeyev bildirib ki, müxtəlif təyinatlı binalarda normativlərə əməl olunmadığı halda ortaya bir sıra problemlər çıxır, xüsusilə güclü və qarışıq səs dalğaları insan orqanizmində əsəbilik, yuxu pozuntusu, diqqət dağınıqlığı, daha sonra hipertoniya, eşitmə qabiliyyətinin aşağı düşməsi kimi neqativ hallar yaradır. Mütəxəssis bu baxımdan arxitektura normalarının, akkustik məsləhətlərin tikinti zamanı nəzərə alınmasının vacibliyini qeyd edib.
Binalarda səs-küy əleyhinə müdafiənin əhəmiyyətini önə çəkən mühazirəçi ayrı-ayrı tikililərdə müxtəlif tikinti arxitektura normalarından istifadə edilməsinə, onların hər birinin akkustikasındakı fərqlərə toxunub.
Sonra o, alman və finlilərin tikintidə akkustika normativlərini müsbət qiymətləndirərək, mühəndislik texnikasında hər bir yaxşı təcrübənin örnək götürülməsi fikrini irəli sürüb. A.Fadeyev onu da vurğulayıb ki, böyük həcmli zalların akkustik planlaşdırılması nə qədər önəmlidirsə, kiçik məkanlar, məsələn sinif otaqları, idman zalları və s. hər birinin akkustik planlaşdırılması da eyni dərəcədə vacibdir. Bundan başqa, avtomagistral yol kənarlarında istənilən təyinatlı bina tikərkən komfortu yaratmaq naminə səs izolyasiyasından istifadə mütləq şəkildə gözlənilməlidir.
Tədbir digər mütəxəssislərin çıxışları və tələbələrin suallarının cavablandırlması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi