Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov 2019-2020-ci tədris ilinin qəbul imtahanlarında yüksək nəticələr göstərərək BMU-ya qəbul olan tələbələrlə görüşüb. Rektor tələbələri təbrik etdikən sonra universitetin rəhbər şəxlərini təqdim edib. Azərbaycanın müstəqillik qazanmasında və möhkəmlənməsində, ölkəmizdə digər sahələr kimi təhsil sahəsinin də bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmasından danışıb. Bu gün təhsil siyasəti möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və ölkəmizdə gənclərin və tələbələrin inkişafı üçün hər cür şərait yaradılıb. Bir sözlə, Azərbaycan gəncləri diqqət və qayğı ilə əhatə olunub.
Sonra rektor BMU–nun elektron universitet, tədris sistemi, universitetin beynəlxalq əlaqələri, elektron kitabxana, müəllim-tələbə münasibətləri və tələbə təşkilatları barədə tələbələrə ətraflı məlumat verib. Bildirib ki, universitetdə yaradılmış sağlam mühit və müasir tədris sistemi sayəsində hər il BMU tələbələri yerli və beynəlxalq əhəmiyyətli olimpiada və yarışlarda yüksək nəticə əldə edir. Məzunlarımız əmək bazarında heç bir çətinliklərlə üzləşmirlər.
Daha sonra professor H.Məmmədov tələbələrə milli dəyərlərimizə sahib çıxmalarını, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi naminə müasir biliklərə yiyələnmələrini tövsiyyə edib.
Tədbirin sonunda tələbələrin sual və təklifləri dinlənib və cavablandırılıb.Tələbələr də rektora onlara göstərdiyi diqqətə görə təşəkkür ediblər və bildiriblər ki, bu kimi görüşlər onların gələcək uğurları üçün bir stimuldu.