Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib.
Görüş BMU nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində baş tutub.
Tələbələri salamlayan BMU-nun rektoru Yaqub Piriyev ölkənin strateji sahələrinin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialı ilə təminatında ikili diplom proqramlarının rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə diqqət çəkən rektor qarşıya qoyulan hədəflərə nail olunması, kadr tələbatının ödənilməsində İDP məzunlarının da rol oynayacağına inandığını vurğulayıb.
BMU-İNHA İDP-nin icrasına toxunan rektor tələbələrin də üzərinə böyük məsuliyyət düşdüyünü, habelə onların güclü mütəxəssis kimi yetişdirilməsinə dövlətimiz tərəfindən hər zaman dəstək veriləcəyini qeyd edib.
Görüşdə digər çıxışlar zamanı tələbələrin tədris prosesində üzləşdikləri problemlərə toxunulub, onların həlli istiqamətində tapşırıqlar verilib. Eyni zamanda tələbələrin gündəlik məsələləri ilə bağlı verdikləri suallar cavablandırılıb.
Qeyd edək ki, 3+1 modelinə əsaslanan İDP çərçivəsində tələbələr 3 ili BMU-da, sonuncu kursu isə İNHA Universitetində təhsil alırlar. Hazırda İNHA Universitetində 83 tələbə təhsilini davam etdirir. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ödənilir.
İctimaiyyətlə əlaqələr şöbəsi