Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Şamaxı şəhərində təşkil olunan “Mentorun 72 saatı” adlı “Bootcamp” tədbirində iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BMU-nun rektoru Havar Məmmədov, “Azərikard" MMC-nin direktor müavini Zakir Əhmədov və digər şəxslər çıxış edərək layihənin əhəmiyyəti barədə fikirlərini bildiriblər.
3 gün davam edəcək tədbirdə bir sıra mövzular, o cümlədən “Rəqəmsal dünyada yenilik”, “Şəbəkələşmə”, “Liderlik bacarıqları”, “Komandanın effektiv idarə olunması”, “Startup pitching”, “Mentorluq, texnika və mexanizmləri”, “Startapın həyat dövrü”, “Təqdimat bacarıqlarının inkişaf etdirilməsi”, “Maliyyə cəlb edilməsi strategiyaları”, “Emosional intellekt” və “İdeya müsabiqəsi - İnnovativ məhsul inkişafı” və s. üzrə təlimlər keçiriləcək. Bundan əlavə, tədbirdə komandalar üzrə işin təşkili də nəzərdə tutulur.
Sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilərək, innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədi daşıyır. İnnovativ ideyaları inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək verilməsi və onların kəşf, ixtira sahəsinə yönləndirilməsini də hədəfləyən “Gələcək üçün bacarıqlar” iki komponentdən ibarətdir. Belə ki, layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını ehtiva edir. “Mentorun 72 saatı” layihənin növbəti komponentinə - “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi