Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikası tərəfindən Bakı Mühəndislik Universitetində (BMU) profilaktik stomatoloji müayinə aksiyası təşkil olunub.
Universitet əməkdaşları və tələbə heyəti üçün gerçəkləşdirilən ödənişsiz aksiyada əsas məqsəd ağız və diş sağlamlığına diqqətin artırılması, profilaktik müayinələrin əhəmiyyətinin vurğulanması və erkən diaqnostika vasitəsilə diş xəstəliklərinin qarşısının alınmasıdır.
Aksiya çərçivəsində tibb müəssisəsinin tanınmış həkimləri tərəfindən BMU-nun əməkdaşları və tələbələri ilkin stomatoloji müayinədən keçirilib, ağız boşluğu gigiyenasına dair fərdi məsləhətlər verilib və ehtiyac yarandığı hallarda əlavə müayinələr üçün klinikaya yönləndirmələr aparılıb.
BMU rəhbərliyi klinikanın kollektivinə təşəkkür edərək, bu cür sosial təşəbbüslərin sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi