Bakı Mühəndislik Universitetində (BMU) Saken Seyfullin adına Qazaxıstan Aqrotexniki Universitetin Texniki fakültəsinin əməkdaşı Dastan Ospanov ilə görüş təşkil olunub.
Görüş iki universitet arasında əməkdaşlıq məsələlərini nəzərdən keçirmək, o cümlədən türk dünyasının aparıcı ali təhsil müəssisələri ilə əlaqələr qurmaq məqsədi daşıyıb.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov qonağı universitetdə görməkdən məmnunluğunu bildirib. Prorektor qonağa BMU, həmçinin ali təhsil ocağının digər universitetlərlə mövcud əlaqələri haqqında ətraflı məlumat verib.
D.Ospanov təmsil etdiyi universitet adından BMU ilə əməkdaşlıq qurmaqda və bu əməkdaşlıq çərçivəsində təhsil, eləcə də tədqiqat sahələrində, birgə proqramların hazırlanmasında, konfransların keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdən sonra BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova qonağı universitetin Texnoparkı, Kompüter və İKT laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış edib. D.Ospanov BMU-nun texniki bazasının çox zəngin olduğunu deyib və bu tanışlığın onda xoş təəssüratlar yaratdığını bildirib.
İctimaiyyətlə əlaqələr şöbəsi