Özbəkistan Respublikasında Bakı Mühəndislik Universitetinin (BMU) təşkilati dəstək verdiyi “İnformasiya texnologiyaları və riyazi modelləşmə (“İTMM-2024”)” mövzusunda Aleksandr Fyodoroviç Terpuqov adına 23-cü beynəlxalq konfrans keçirilib.
Qarşi Dövlət Universitetində baş tutan konfransda tədbirin Beynəlxalq Proqram Komitəsinin üzvləri sırasında BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov, elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov yer alıblar.
Nüfuzlu elm adamları ilə yanaşı, prorektor Ağası Məlikovun da sədrlik etdiyi konfransın ayrı-ayrı panellərində “İTMM-2024”-də informasiya, telekommunikasiya texnologiyaları üzrə ən son tədqiqatlar və praktiki nəticələrin, riyazi modelləşdirmə, süni intellekt, rəqəmsal iqtisadiyyat, ağıllı sistemlər, robototexnika, proqram mühəndisliyi kimi elmi tədqiqat və texniki sahələrin digər mühüm istiqamətləri müzakirə olunub.
Elmi bilik və təcrübənin inteqrasiyası, təhsil mühitinin səmərəli inkişafında ali təhsil müəssisələri ilə elmi tədqiqat qurumlarının rolunun artırılması, sözügedən sahələr üzrə uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyan konfrans çərçivəsində “Müasir stoxastik modellər və aktual riyaziyyatın problemləri-2024” mövzusunda beynəlxalq simpozium, eləcə də tələbə və gənc alimlərin elmi işlərinin müsabiqəsi keçirilib, sonda ən yaxşı məruzələr diplomlarla təltif olunub.
BMU ilə bərabər konfransa Rusiya Federasiyasının Tomsk Dövlət Universiteti, Xalqlar Dostluğu Universiteti, V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu, Lobaçevski Dövlət Universiteti, Sibir Federal Universiteti, Özbəkistanın Qarşi Dövlət Universiteti və Şahrisabz Dövlət Pedaqoji İnstitutu təşkilatçılıq edib.
İctimaiyyətlə əlaqələr şöbəsi