Növbəti tədris-metodiki iclas keçirilib

25 Oktyabr 2019
Növbəti tədris-metodiki iclas keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Mühasibat uçotu və audit kafedrasının növbəti tədris-metodik iclası keçirilib. Kafedranın müdiri, dosent Firudin Sultanov kafedranın tədris etdiyi fənlərin sillabuslarının hazırlanması zamanı mövzu ardıcıllığının qorunmasına, ixtisas və qeyri-ixtisas qruplarında tədris olunan fənlərin sillabuslarının fərqli işlənilməsinə xüsusi fikir verilməli olduğunu bildirib. O, tədris ediləcək mövzuların ümumi izahının olmasının vacibliyini də diqqətə çatdırıb. F.Sultanov kafedranın elmi potensialının gücləndirilməsi məqsədi ilə ölkəmizdə mövcud iqtisadi inkişafı özündə əks etdirən mövzunun seçilməsindən və bu istiqamətdə elmi araşdırmanın aparılmasından danışıb.

İclasda çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, kafedranın baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Elsevər İbadov gündəlikdə duran məsələlərin vacibliyindən söz açıb və iclasın keçirilməsini müsbət hal kimi qiymətləndirib.

Sonda kafedranın xüsusi əhəmiyyət verdiyi baza dərslərdən olan, həmçinin İqtisadiyyat və idarəetmə fakültəsinin bütün ixtisaslarında tədris edilən Mühasibat uçotu fənninin sillabusunun təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Yekunda bu fənnin sillabusunun dünya universitetlərində tədris olunan proqramları ilə uyğunlaşdırılması qərarı verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər