Bakı Mühəndislik Universitetində (BMU) “Nəqliyyat, onun rolu, problemləri və nəqliyyat üzrə elmi araşdırmaların əsas istiqamətləri” mövzusunda seminar keçirilib.
Tədbirdə Mühəndislik fakültəsinin Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri, dosent Bəxtiyar Namazov mövzu üzrə geniş məruzə ilə çıxış edib. Logistikanın bu gün ən böyük qlobal problemlərdən biri olduğunu deyən natıq çıxışında nəqliyyat sektorunun dünyada və ölkəmizdə fəaliyyəti, yük, həmçinin sərnişin daşımalarının dinamikası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) önəmi, yeni iqtisadi şəraitin nəqliyyat sisteminə təsiri kimi məsələlərə toxunub. Bununla yanaşı, “yaşıl nəqliyyat”, avtomobil nəqliyyatında elektrik enerjisindən istifadə, ictimai nəqliyyata üstünlüyün verilməsi, şəhər nəqliyyat sisteminin qiymətləndirmə meyarları və s. ilə bağlı vacib məlumatlar seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Seminarda nəqliyyat problemlərinin həlli üçün elmi araşdırmaların istiqamətləri, bu sahəyə gənclərin də töhfə verməsi, tələbələrin uyğun ixtisaslar üzrə elmi işlərə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi