Mühəndislik fakültəsi tələbələrinə seminar keçirilib

27 Aprel 2022
Mühəndislik fakültəsi tələbələrinə seminar keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Elektroenergetika mühəndisliyi, Elektrik mühəndisliyi və Energetika mühəndisliyi ixtisaslarının tələbələri üçün seminar keçirilib.

Seminar “İnterenergo” şirkətinin direktoru Arif Süleymanov tərəfindən aparılıb. Şirkətin yaranma tarixi və fəaliyyəti barədə təqdimatla çıxış edən direktor qurumun ilk növbədə elektrik enerji bloklarında tikinti-quraşdırma işlərinin layihələndirilməsi və həyata keçirilməsində ixtisaslaşdığını diqqətə çatdırıb. Bildirib ki, qurum elektrik enerjisi sənayesi bölmələrində, o cümlədən bütün zəruri mühəndis kommunikasiya vasitələri ilə bağlı bir sıra layihələndirmə işləri gerçəkləşdirib. Şirkətin əldə etdiyi sertifikatlara və lisenziyalara toxunan direktor beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da bəhs edib.

Tədbirdə enerjinin yaranması, elektrik stansiyaları, transformator yarımstansiyaları, yerüstü və kabel elektrik ötürücü xətləri, ağıllı nəqliyyat sistemi, bina və qurğuların elektrik təchizatı, alternativ enerji mənbələri barədə geniş məlumat verilib.

Qarabağda aparılan quruculuq işlərindən söz açan A.Süleymanov şirkətin Ağdamda sənaye parkının energetika hissəsinin layihələndirilməsini həyata keçirdiyini qeyd edib.

Seminar interaktiv formada davam edib.

Sonda tələbələr “Baur” mobil laboratoriyasının (üçfazalı sistemlərdə nasazlığın və ya qırığın axtarılması üçün istifadə olunan sistem) işi ilə yaxından tanış olublar. 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər