Ümumtəhsil müəssisələrində təhsil alanların Bakı Mühəndislik Universitetində (BMU) yaradılan təhsil mühiti ilə tanışlığı davam edir. Bu istiqamətdə ali təhsil ocağına gerçəkləşdirilən səfərdə növbəti ekskursiyaçılar Xırdalan şəhər 2 saylı tam orta məktəbin şagirdləri olublar.
Sözügedən məktəbin kimya müəllimləri Günel Rəhimova və Şəfəq İsmayılovanın başçılığı ilə universiteti ziyarət edən məktəblilərə BMU-nun fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar, tələbələrin asudə zamanlarının səmərəli təşkili üzrə həyata keçirilən layihələr, tələbə gənclər təşkilatlarının fəal rolu və s. haqda geniş məlumat verilib.
Müasir dövrün sürətli iqtisadi inkişafında mühəndislik ixtisaslarının rolu, aktuallığı, bu aspektdə ölkə başçımızın müvafiq sərəncamı ilə yaradılan gənc universitetdə bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması üzrə aparılan işlərlə bağlı məlumatlandırılan ekskursiya heyəti BMU-nun kampusunu, laboratoriyalarını gəzib.
Kimya laboratoriyasında laborant Rəsul Rəhimovun rəhbərliyi ilə məktəblilər maraqlı kimyəvi təcrübələri, o cümlədən filmlərdə qanlı səhnələrin canlandırılmasında istifadə olunan qırmızı qan effekti, cin səhnələrində istifadə edilən “Cin çıxdı” effekti, həmçinin “Fil dişi” təcrübələrini həyata keçiriblər.
Sonra şagirdlərlə görüşən Memarlıq və inşaat fakültəsinin Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov məktəbliləri BMU tələbələrinin əl işləri, o cümlədən verilən tapşırıqlara uyğun hazırlanan peyzaj, maketlər, landşaft memarlığı, müasir, modern üslubda işlənmiş layihələndirmə işləri, portretlər, interyer və eksteryer dizayn işləri ilə tanış edib. Əməkdar memar şagirdlərin gələcək həyatlarında uğur qazanması üçün onlara öz tövsiyələrini verib.
Adıçəkilən fakültənin Dizayn kafedrasının baş müəllimi Nizami Məmmədzadə isə universitetdə rəqəmsal incəsənət sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.
Ekskursiya iştirakçılarını maraqlandıran bütün suallar mütəxəssislər tərəfindən ətraflı şərh olunub və cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi