Bakı Mühəndislik Universitetində (BMU) “Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” adlı seminar-müzakirə keçirilib. Tədbir BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrası ilə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası tərəfindən təşkil olunub.
Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmiş Məhəmməd Hadiyə həsr olunan tədbirin əhəmiyyətindən danışıb.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Emin Ağayev çıxışında bu qəbildən olan tədbirlərin önəminə toxunaraq, təşəbbüsün həm də gənc şairlər tərəfindən irəli sürülməsini təqdir edib.
Kafedranın baş müəllimi Ülvi Babayev, həmçinin professor Akif Hüseynli çıxışlarında gənclərin M.Hadi yaradıcılığına xüsusi maraq göstərdiklərini vurğulayıblar. Eyni zamanda, natiqlər M.Hadinin həyat yolundan, yaradıcılığının əsas istiqamətlərindən bəhs ediblər.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseyn M.Hadinin 140 illiyinin qeyd olunması ilə bağlı Prezident sərəncamının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu şairin yaradıcılığının yenidən dərk olunmasına, onunla bağlı yeni əsərlərin yazılacağına şərait yaradacaq.
Tədbirdə iştirak edən gənc şairlər Günel Şamilqızı, Zaur Rəxşan, Fuad Cəfərov və Rəvan Cavid çıxışlarında M.Hadinin Şərq və Avropa ədəbiyyatını, fəlsəfəsini dərindən mənimsəyərək şeirlərində yaradıcı şəkildə əks etdirdiyini önə çəkiblər.
Seminarda çıxışlar zamanı M.Hadi şeirlərinin müasir tərcümələri ilə bağlı fikirlər səsləndirilib, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliğinin başlıca yer tutduğu vurğulanıb.
Seminar müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 dekabr 2019-cu il tarixində “Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi