Bakı Mühəndislik Universiteti (BMU), “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib. Seminarın təşkil edilməsinin əsas məqsədi BMU tələbələrinə maliyyə bazarları, o cümlədən birjanın tarixi, yaranma zərurəti, növləri, iştirakçıları və birjada ticarətin motivləri haqqında məlumat vermək olub.
Tədbiri giriş sözü ilə açan BMU-nun Maliyyə kafedrasının müdiri, i.ü.f.d. Füzuli Əliyev qonaqları tələbələrə təqdim edib. O, keçirilən seminarın əhəmiyyətindən danışıb, tələbələri seminarda aktiv olmağa səsləyib. Sonra “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin tədris üzrə meneceri, i.ü.f.d. Rövşən Məmmədov “Maliyyə bazarlarında praktik fəaliyyət”, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin baş mütəxəssisi Əli Hüseynli isə “Azərbaycan maliyyə bazarları haqqında” mövzusunda təqdimatla çıxış ediblər.
Seminarda maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, Meta Trader 4 ticarət proqram təminatı, analitik təhlil üsulları barədə də danışılıb.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi