Məktəblilərin Bakı Mühəndislik Universitetində (BMU) yaradılan təhsil mühiti ilə yaxından tanışlığı məqsədi daşıyan ekskursiyaların təşkili davam edir. Universitet-məktəb əməkdaşlığı çərçivəsində gerçəkləşdirilən səfərin növbəti ziyarətçiləri Evrika Liseyinin VIII sinif şagirdləri olublar.
BMU ilə tanışlıq zamanı məktəblilərə universitetdə təhsil prosesi, tədris imkanları və üstünlükləri, tədrisin Azərbycan və ingilis dillərində aparılması, ali təhsil müəssisəsinin yarandığı dövrdən elektron universitet kimi fəaliyyəti haqda geniş məlumat verilib.
Şagirdlərə bütün informasiyaların ingilis dilində təqdim olunduğu ekskursiyada onlara, BMU-da tədrisi gerçəkləşdirilən ixtisasların karyera seçimi və əmək bazarındakı üstünlükləri geniş izah edilib.
Universitetin Memarlıq və inşaat fakültəsinin tədris binasında yaradılmış sərgi ilə də tanış olan məktəblilər burada maketləri hazırlayan tələbələrlə söhbətləşiblər.
Sonra məktəblilər universitetin ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, o cümlədən nəzəri və təcrübi tədrisin təşkilində böyük əhəmiyyətə malik Biologiya laboratoriyası ilə tanış olublar. Burada məktəblilərə mikroskopda soğan hüceyrəsində bölünməni nümayiş etdirilib, həmçinin anatomik model üzərində insanın daxili orqanları haqda şagirdlərə zəruri informasiyalar verilib.
Kimya laboratoriyasında şagirdlər maraqlı reaksiyaların iştirakçısı olaraq, “Buqələmun”, “Fil dişi” və s. təcrübələrini həyata keçiriblər.
Mexanika mühəndisliyi kafedrasının laboratoriyasında isə təhsilalanlara mühəndislik qurğuları haqda, eyni zamanda BMU-nun “RED X” komandasının “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında uğurlu iştirakı ilə bağlı ətraflı məlumatlar təqdim olunub.
Ekskursiya boyunca BMU əməkdaşlarına ünvanlanan suallara geniş izahlar verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi