Bakı Mühəndislik Universitetində (BMU) magistratura səviyyəsində İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının Kibertəhlükəsizlik ixtisaslaşması (SABAH) üzrə təhsil alan tələbələrin təcrübə hesabatlarının təqdimat iclası keçirilib.
Hesabat zamanı tələbələr təcrübə müddətində fəaliyyətləri, o cümlədən apardıqları tədqiqatlar, araşdırmalar, əldə etdikləri nəticələr və hazırladıqları məqalələr haqda məlumat veriblər.
İclasda bildirilib ki, tələbələrin elmi-tədqiqat təcrübəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Al Market, “Uniser”, “Cyber Technology Company”, “Cybernetics” MMC, Kapital Bank, “İKTex” MMC, “Bakinity distirbution”, IZIA, Azal, “Bank of Baku”, Əmanətlərin Sığortalanması Fondu kimi müəssisələrdə aparılıb. Elmi-pedaqoji təcübədə isə tələbələr BMU ilə yanaşı, Bakı Ali Neft Məktəbi, Gömrük Akademiyası, Milli Aviasiya Akademiyasında ixtisasa uyğun, fərqli fənlərin tədrisi prosesində iştirak ediblər.
Toplantıda iştirak edən 24 tələbənin hesabatı müsbət qəbul edilib və qiymətləndirilməsi aparılıb. Kafedranın müdir əvəzi Mənafəddin Namazov, müəllimlər - Amil Babayev, Ülviyyə Quliyeva, Gülbiçə Abdullayeva, Yusif Yusifov, Təcrübə Şöbəsinin müdiri Həzi Qasımov, Kibertəhlükəsizlik üzrə Proqram rəhbəri Nihat Əlilinin iştirak etdiyi iclas tələbələrlə sual-cavab şəklində davam edib.
Qeyd edək ki, magistratura səviyyəsi üzrə kibertəhlükəsizlik ixtisası ilk dəfə BMU-da Mühəndislik Fakültəsinin Kompüter və informasiya iexnologiyaları kafedrasında xüsusi proqram üzrə 2021-2022-ci tədris ilində açılıb. İlk tədris ilində 25 yer üzrə 24 tələbə xüsusi imtahandan keçirilərək qəbul edilib. Kibertəhlükəsizlik ixtisası üzrə tədris Elm və Təhsil Nazirliyinin xüsusi proqramı əsasında həyata keçirilir, eyni zamanda ixtisas üzrə tədris aparan müəllimlər nazirliyin xətti ilə seçilib. Bu pedaqoqların əksəriyyətini xarici ölkə vətəndaşları, həmçinin xaricdə kibertəhlükəsizlik ixitisası üzrə təhsil almış müəllimlər təşkil edir.
İctimaiyyətlə əlaqələr şöbəsi