Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov belə görüşlərin ənənəvi olaraq təşkil edildiyini bildirib. Qrup nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı seçim keçirildiyini söyləyən dekan müavini 2021/2022-ci tədris ilinin payız semestrində hər ixtisas üzrə qrup nümayəndəsi birincilərinin müəyyənləşdiyini qeyd edib. Səsverməyə qrup tələbələrinin, semestr boyu fənlərin tədrisini həyata keçirən müəllimlərin və müvafiq ixtisas tyutorlarının qatıldığını nəzərə çatdıran E.İbadov bunun növbəti semestrlərdə də davam edəcəyini vurğulayıb. O, çıxışında, eyni zamanda tərbiyə və nizam-intizam məsələlərindən bəhs edib.
Fakültə dekanı, dosent Mayis Əzizov görüşün əhəmiyyətinə toxunub və tədris prosesinin təşkili ilə bağlı tələbələri maraqlandıran məsələlərin müzakirə edilməsinin vacibliyini önə çəkib. Tədrisin təşkili və dərs vəsaitləri barədə danışan dekan Tələbə Məlumat Sistemində (TMS) olan sənədlərlə tanış olmağın önəmini vurğulayıb. Tədbirlərin keçirilməsi ilə bağlı sinif nümayəndələrini aktiv olmağa səsləyən dekan qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Xanlar Heydərov ötən semestrin yekunları barədə çıxış edib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə karantin qaydalarının yumşaldılması qərarından söz açan X.Heydərov bu qərara uyğun artıq müvafiq işlərin görüldüyünü, o cümlədən dərs cədvəllərin hazırlandığını diqqətə çatdırıb.
Sonra 2021/2022-ci tədris ilinin payız semestrində ixtisas üzrə qrup nümayəndəsi birincilərinə hədiyyələr təqdim olunub.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması və müxtəlif təkliflərin səsləndirilməsi ilə sona çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi