İnformasiya texnologiyaları ixtisası üzrə tam dövlət təqaüdlü təhsil

25 İyul 2022
İnformasiya texnologiyaları ixtisası üzrə tam dövlət təqaüdlü təhsil

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının nüfuzlu İNHA Universiteti arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramı İnformasiya texnologiyaları ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün geniş imkanlar yaradır. Belə ki, proqram çərçivəsində ali təhsilin bakalavriat səviyyəsində 2022/2023-ci tədris ili üçün qəbulu həyata keçirilən ixtisaslar sırasında İnformasiya texnologiyaları da yer alıb.

Vurğulamaq vacibdir ki, proqramın yaratdığı fürsətlərdən yararlanaraq, bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər mütləq onlayn qeydiyyat prosesinə müraciət etməlidirlər. Qeydiyyat prosesi üçün son tarix 10 avqust 2022-ci il saat 23:55 müəyyənləşdirilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim olunmalıdır.

Həyatımızın bütün sahələrinə dərindən nüfuz edən informasiya texnologiyaları (İT) geniş miqyasda çoxşaxəli istiqamətlər üzrə kommersiya və təşkilati problemləri həll etmək üçün texnologiyanın necə tətbiq olunacağını öyrənir. Bu ixtisasın əsaslarına sahib olmaqla, məzunlar tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlar qazanacaqlar.

İxtisas tələbələrə kompüter şəbəkəsi layihələndiricisi, kompüter proqramçısı, kompüter sistemləri analitiki, verilənlər bazası inzibatçısı, informasiya təhlükəsizliyi analitiki, veb proqramçı və bir çox müxtəlif istiqamətlərdə peşəkar mütəxəssis kimi karyerasını inkişaf etdirməyə geniş imkanlar yaradır. Tələbələr gələcəkdə informasiya texnologiyaları üzrə mütəxəssis olaraq, elektron məlumatın müxtəlif formalarının yaradılması, emalı, saxlanılması, qorunması və mübadiləsi üçün lazımi bilik və bacarıqlara yiyələnənmklə, İT-nin tətbiqini tələb edən müxtəlif sahələrdə işləmək imkanı qazanacaqlar.

 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunan BMU-İNHA ikili diplom proqramı 3+1 modelinə əsaslanır (3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur). Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də dövlət vəsaiti hesabına ödənilir.

BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş 1-ci ixtisas qrupunun abituriyentləri və 500 və ya daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 32 nəfər tələbə İnformasiya texnologiyaları ixtisası üzrə təhsil almaq hüququ qazanacaq. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Information and Communication Engineering” və BMU tərəfindən isə “İnformasiya texnologiyaları” ixtisasları üzrə bakalavr diplomları təqdim ediləcək.

Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan (yazılı) uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün onlayn anket formasını dolduraraq tələb olunan sənədləri təqdim etmək vacibdir. Qəbul üçün daxili imtahan avqustun 14-də baş tutacaq və nəticələr isə avqustun 19-da elan ediləcək.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər