Bakı Mühəndislik Universitetində (BMU) Cənubi Koreyanın nüfuzlu İNHA Universitetinin professor-müəllim heyətinin iştirakı ilə təşkil edilən növbəti 3 həftəlik “Yay məktəbi” tələbələrin inkişafına mühüm töhfə verir. İki universitet arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı (İDP) çərçivəsində təşkil edilən bu intensiv tədris proqramı tələbələr üçün həm nəzəri, həm də təcrübəyönümlü dərslərlə zəngin akademik bir mühit yaradır.
“Yay məktəbi”ndə 15 nəfər koreyalı professor və müəllim heyəti tərəfindən “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə dərslər keçirilir.
Tədris prosesi mühazirələrlə yanaşı, laboratoriya çalışmaları ilə də gerçəkləşdirilir. Texnoloji tətbiqlərə və real layihələr üzərində işlərə əsaslanan təcrübəyönümlü dərslər tələbələrin praktiki biliklərini artırmağa xidmət edir. Tələbələr, eyni zamanda komandalar şəklində işləyir, müxtəlif simulyasiyalar və proqramlaşdırma tapşırıqları üzərində çalışırlar. Bu da onlarda komanda işi, analitik düşüncə və problem həll etmə bacarıqlarının inkişafına mühüm töhfə verir.
BMU-İNHA İDP Azərbaycan Respublikası Prezidentinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən etibarən həyata keçirilir. 3+1 modeli əsasında qurulan proqramdan artıq 143 tələbə məzun olub.
İctimaiyyətlə əlaqələr şöbəsi