Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları tərəfindən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlər davam edir.
Cari ilin 7 mart tarixindən start götürən təlimlərdə Hesablama Palatasının əməkdaşları - Aparat rəhbəri vəzifəsini icra edən, Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdiri Tamerlan Yusif-zadə və həmin şöbənin sektor müdiri Gülnar Hacıyeva, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova, Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov ayrı-ayrı təqdimatlarla çıxış ediblər.
Təlimlərdə dövlət qulluğu məsələləri, büdcə prosesləri, fiskal siyasət, mühasibat uçotunun təşkili, Hesablama Palatasının fəaliyyətinin əsasları, dövlət maliyyəsi və onun idarə edilməsi, Palatanın büdcə prosesində iştirakı və s. mövzularla bağlı məruzələr dinlənilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 3 ay davam etməsi nəzərdə tutulan təlimlərə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan son kurs tələbələri cəlb olunub. Təlimlərin sonunda yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi, eyni zamanda onların Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunmaları planlaşdırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi