Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “Azərbaycanda rektorlar konfransı (şurasının) yaradılması (ECAR)” adlı layihənin tədbirində fəal iştirak ediblər. Tədbir Avropa Komissiyasının Erasmus+ KA2 proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi istiqaməti üzrə qrant müsabiqəsinin qalibi və layihənin koordinatoru olan Bakı Biznes Universitetinin təşkilatçılığı ilə baş tutub.
Tədbirə BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Elmi işlər üzrə prorektor, dosent Elçin Süleymanov, Tərbiyə işləri üzrə prorektor, dosent Bayram Hüseynzadə, Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, Tədris şöbəsinin müdiri Ramil Hacıyev, Magistratura və doktorantura şöbəsinin müdiri, professor Mahir Bəşirov, Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru Cəmil Məmmədov qatılıb.
Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, Magna Çarta müşahidə qrupunun, Avropa Universitetləri Birliyinin, Fransa Beynəlxalq Təhsil Mərkəzinin, Belçikanın Avropa İdarəetmə İnkişafı Qurumunun, Erasmus+ Azərbaycan ofisinin rəhbərliyinin, Təhsil Nazirliyinin Keyfiyyət Təminatı Agentliyinin, İspaniya, Polşa, Fransa, Portuqaliya, Litva, Finlandiya Rektorlar Konfransının rəhbərliyi və səlahiyyətli nümayəndələri, ölkəmizdə akkreditə olunmuş ABŞ, Polşa, Fransa, Litva səfirliklərinin fövqəladə və səlahiyyətli səfirləri və nümayəndələri, layihə konsorsiumunun üzvləri olan İsveçin Kral Texnologiya İnstitutu, Litvanın Mikolas Romeris Universitetinin professor-müəllim heyəti, Azərbaycanın 15 universitetinin rektorları və rəhbər şəxsləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, təhsil nazirinin müavini Firudin Qurbanov, layihənin koordinatoru Gülşən Bayramova, Erasmus+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov, Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avropa Universitetlər Birliyi, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya rektorlar konfransının (şurasının) nümayəndələri layihəyə dair faydalı fikirlərini və təcrübələrini bölüşüblər.
Tədbir layihənin 36 ay ərzində görüləcək işlərin müzakirəsinə və tərəfdaşlardan tələb olunan sənədlərin hazırlanmasına həsr olunmuş seminar ilə davam edib. Seminarda BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri A.Nəcimov fəal iştirak edərək layihənin icrasına müsbət təsir edəcək bəzi səmərəli təkliflərlə çıxış edib.
Seminarda digər yerli və xarici tərəfdaşların nümayəndələrinin təklifləri də dinlənilib.
Tədbir müxtəlif işçi qruplarının formalaşdırlması, həmçinin layihənin tədbirlər planının detallı müzakirəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 2021-2023-cü illər müddətində icra olunacaq layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransı (şurası) yaratmaqla universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihənin tərəfdaşları siyahısına BMU daxil olmaqla, Azərbaycandan 15, eyni zamanda Fransa, İsveç, Belçika, Litva, Polşa Universitetləri və rektorlar konfransları (şuraları) daxildir.
İctimaiyyətlə əlaqələr şöbəsi