Bakı Mühəndislik Universitetində (BMU) Əlcəzair Center SALHİ AHMED Naama Universitetinin magistrantı Chaimaa Boukabouyanın “Characterization and Structural Health Monitoring in GFRP composite structures based on experimental modal analysis” adlı dissertasiya işinin ilkin tədqiqat nəticəsinin müzakirəsi keçirilib.
Dissertasiyanın mövzusu müasir material mühəndisliyi sahəsində aktual problemlərdən birinə-təcrübi modal analiz əsasında şüşə liflərlə möhkəmləndirilmiş polimer kompozit (GFRP) materiallarda struktur xassələrinin qiymətləndirilməsi, monitorinqi və bu materiallarda mümkün zədələrin süni sinir şəbəkələri (ANN) vasitəsilə aşkarlanmasına həsr olunub. Tədqiqatın aktuallığı müasir sənaye sahələrində (məsələn, aerokosmik, avtomobil, inşaat, gəmiçilik, enerji və s.) geniş tətbiq sahəsinə malik olan polimer kompozit materiallardan istifadənin sürətlə artması və bu materialların təhlükəsizliyinin təmin olunmasında etibarlı monitorinq metodlarının zəruriliyi ilə bağlıdır.
Dissertasiya işinin elmi məsləhətçisi Mühəndislik fakültəsinin dekanı Asif Quliyev və elmi rəhbəri Mexanika mühəndisliyi kafedrasının dosenti Yeganə Əbdüləzimovanın rəhbərliyi ilə təcrübələr zamanı müxtəlif modal analiz üsullarından istifadə olunaraq materialların xassələri araşdırılıb, həmçinin GFRP kompozit materialların struktur xassələrinə dair ilkin qiymətləndirmələr həyata keçirilib. Həm elmi, həm də tətbiqi baxımdan mühüm əhəmiyyətə malik olan dissertasiya işi çərçivəsində Mexanika mühəndisliyi laboratoriyalarında GFRP nümunələri üzərində eksperimental tədqiqatlar aparılıb və ilkin nəticələr əldə edilib. Bu istiqamətdə tədqiqatlar gələcəkdə real vaxt rejimində işləyən ağıllı sistemlər-məsələn, süni intellekt əsaslı zədə aşkarlama sistemlərinin qurulmasına zəmin yarada bilər.
Elmi rəhbərlərin göstərişləri əsasında nəzəri biliklərini təcrübə ilə birləşdirərək uğurlu nəticələr əldə edən magistrant Chaimaa Baukabouyanın BMU-da elmi fəaliyyəti Əlcəzair Xalq Demokratik Respublikası ilə beynəlxalq elmi əməkdaşlığın inkişafına və universitetin elmi-tədqiqat potensialının genişlənməsinə mühüm töhfə verəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi