Bakı Mühəndislik Universitetinin (BMU) 2024/2025-ci tədris ilinin qəbul planına bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə olunub. Bunlar “Biotexnologiya”, “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” ixtisaslarıdır.
İngilis bölməsinin əyani təhsil formasında nəzərdə tutulan “Fizika”, “Kimya”, “Riyaziyyat” ixtisaslarının hər biri üzrə 30 yer ayrılıb.
Azərbaycan bölməsinin əyani təhsil formasında tədris aparılacaq “Biotexnologiya” ixtisası üzrə 40, “Nəqliyyat mühəndisliyi” və “Qida mühəndisliyi” ixtisaslarının hər biri üzrə 30 yer nəzərdə tutulub.
Azərbaycan bölməsinin əyani və qiyabi təhsil formasında tədris ediləcək “Şərabçılıq” ixtisası üzrə isə müvafiq olaraq 30 və 20 yer ayrılıb.
BMU-nun ötən illərlə müqayisədə builki qəbul planında nəzərəçarpacaq dəyişikliklər edilib. Təhsilin hər iki səviyyəsi (bakalavriat və magistratura) üzrə tələbə qəbulu və ixtisas sayı artırılıb. Bundan başqa, universitetdə bakalavriat səviyyəsi üzrə ilk dəfə qiyabi təhsil forması təşkil olunacaq.
Ali təhsil ocağının bakalavriat səviyyəsində 36 ixtisas üzrə ümumilikdə 2285 plan yeri ayrılıb ki, onlardan 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/).
İctimaiyyətlə əlaqələr şöbəsi