bp-nin erkən karyera proqramları BMU tələbələrinə təqdim olunub

17 Noyabr 2025
bp-nin erkən karyera proqramları BMU tələbələrinə təqdim olunub

Bakı Mühəndislik Universitetində (BMU) bp şirkətinin “2026 Early Careers” və “Early Engagement” proqramları ilə bağlı II, III və IV kurs tələbələri üçün görüş təşkil olunub.

Görüş zamanı yeraltı geologiya, qazma və quyuların idarəolunması, mühəndislik, o cümlədən biznes sahələrində karyera qurmaq istəyən gənclərə təklif olunan imkanlar barədə geniş məlumat verilib.

BMU-nun Müəssisələrlə əlaqələr və karyera mərkəzinin müdiri Gülçöhrə İbrahimova universitetin müəssisələrlə əməkdaşlığı və bu kimi görüşlərin tələbələr üçün faydalarından danışıb. Qeyd edilib ki, bu proqramlar tələbələrin real iş mühiti ilə tanış olmasına, təcrübə qazanmasına və karyera inkişafına töhfə verir. 

bp-nin erkən karyera üzrə məsləhətçisi Mehriban Şıxzamanova  şirkət haqqında ümumi məlumat verib, erkən karyera proqramları ilə bağlı təqdimat nümayiş etdirib. O, təcrübə və məzun proqramlarının məqsədi, seçim meyarları, müraciət qaydaları, kriteriyalar və mövcud vakansiyalar barədə ətraflı danışıb. Bildirilib ki, aşağı kurs tələbələri təcrübə proqramına, son kurslar və məzunlar isə məzun proqramına müraciət edə bilərlər. Məzun proqramı 10 həftə davam edir və bu müddətdə layihəsini uğurla təqdim edən iştirakçıların bp-də işlə təmin olunmaq imkanı yaranır.

Tədbir zamanı proqramlara müraciət prosesində CV və anketlərin düzgün doldurulması ilə bağlı praktiki tövsiyələr də verilib.  

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.     

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər