BMU və “Tabaterra” QSC arasında əməkdaşlığa başlanılıb

10 Mart 2022
BMU və “Tabaterra” QSC arasında əməkdaşlığa başlanılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi ixtisasının tələbələri 2021/2022-ci tədris ilinin yaz semestrində “Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində  adıçəkilən müəssisədə istehsalat təcrübəsi keçirlər.

Tələbələrimiz Elmir Əliyev, Hüseyn Əlizadə, İlkin Məmmədzadə, Sahib Baxşəliyev və Vaqif Mustafayev “Tabaterra” QSC-nin əməkdaşları tərəfindən test yoxlama imtahanından uğurla keçərək həmin şirkətdə istehsalat təcrübəsində olmaq üçün vəsiqə əldə ediblər. Eyni zamanda, tələbələrin müəyyən məbləğdə əmək haqqı almaqla işçilərin təmin olunduğu sahələrin xidmətindən də (nəqliyyat və nahar yeməkləri daxil) yararlanmasına şərait yaradılıb.

Mexanika mühəndisliyi kafedrasının müdiri, dosent Asif Quliyev və kafedranın dosenti Natiq Rzayevlə şirkətin İnsan Resusları departamentinin müdiri Nisə Əliyeva və İstehsalat şöbəsinin usta mexaniki Raqif Həsənov arasında keçirilən görüşdə təcrübələrin davamlı keçirilməsi və tələbələrin işlə təmin olunması ilə bağlı geniş müzakirələr aparılıb.

Şirkətin nümayəndələri tələbələrin bilik və bacarıqlarından məmnunluqlarını,  gələcəkdə onların işlə təmin olunacaqları istiqamətində müvafiq addımların atılacağını bildiriblər.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər