Bakı Mühəndislik Universitetində (BMU) “Azercell Telekom” MMC ilə birgə təşkil olunan “CyberCell Hackathon 2025” başa çatıb.
Yarışmaya ölkə üzrə ali təhsil müəssisələrindən 100-dən çox komanda, ümumilikdə isə 300-dən artıq gəncin müraciəti qəbul olunub. Onlardan 25 komanda final mərhələsində öz ideya və texnoloji həllərini təqdim etmək hüququ qazanıb. Finalda iştirakçılar kibertəhlükəsizlik, süni intellekt və innovativ texnologiyalar istiqamətində layihələrini nümayiş etdiriblər. Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək xalları toplayan komandalar qalib elan olunublar.
I yerə “Cybergillər”, II yerə “{{ 7* 7 }}” , III yerə “Oxrmrf” komandaları çıxıb.
Tədbirin bağlanış mərasimində BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov çıxış edərək yarışmanın tələbələrin bilik və bacarıqlarının inkişafında, eləcə də universitet-şirkət əməkdaşlığının güclənməsində mühüm rol oynadığını bildirib. Prorektor qalib komandaları və iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra “Azercell Telekom”un İnsan kapitalının idarə edilməsi departamentinin direktoru Dilarə Hüseynova, Təhlükəsizlik departamentinin direktoru Fuad Səfərov yekun nitq ilə çıxış ediblər. Onlar gənclərin inkişafına göstərilən diqqəti şirkətin sosial məsuliyyət strategiyasının bir istiqaməti olduğunu deyiblər. Həmçinin yarışmada iştirak edən tələbələrin enerjisi, potensialı yüksək qiymətləndirilib, müasir texnoloji sahələrdə bacarıqlı gənclərin bütün strukturlar üçün vacibliyi qeyd olunub.
Çıxışlardan sonra yarışmanın qalibləri mükafatlandırılıb. I yerin qalibi 4000 manat, II yerin qalibi 3000 manat, III yerə çıxan komanda isə 2000 manat pul mükafatı ilə təltif edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi